Dərbənd şəhərində Novruz bayramı təntənəli şəkildə qeyd edilib

26.03.2021

"İrs" ictimai birliyinin təşkilatçılığı ilə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində Novruz bayramına həsr olunmuş təntənəli konsert keçirilib.

Tədbirdə Dərbənd şəhərinin başçısı Rüstəmbəy Pirməhəmmədov, onun müavini Vidadi Zeynalov, yerli ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.

Milli geyimlərdə olan atlılar tədbirin qonaqlarını Qırxlar darvazası qarşısında qarşılayıblar. Sonra Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının aktyorunun canlandırdığı Dədə Qorqud obrazı şəhərin qala divarının zirvəsindən tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib və xeyir-duasını verib.

Tədbir zamanı "Kaspi" ansamblı bayram tonqalı ətrafında parlaq və rəngarəng rəqs nümayiş etdirib, Azərbaycan Dövlət Dram Teatrının kollektivi isə Novruz bayramının adət və ənənələrini əks etdirən səhnələşdirilmiş tamaşa təqdim edib.