Gənc soydaşımız Şotlandiyadakı rəqəmsal texnologiyalar müsabiqəsinin qaliblərindən biri olub

17.03.2021

Beynəlxalq Aberden məktəbinin (İSA) iki istedadlı şagirdi Şotlandiyanın rəqəmsal texnologiyalar sektorundakı gender bərabərliyinə həsr olunmuş milli müsabiqədə qalib gəlib.
Onlardan biri 16 yaşlı yeniyetmə soydaşımız Aliyə Orucovadır. Aliyə 15 yaşlı məktəbli həmkarı Eloiza Reyd (Eloise Reyd) ilə birgə ADA Şotlandiya festivalında “Kompüter elmləri sənayesində qadınların bərabərliyinin tanınması”na dair videotəqdimatlarına görə birinci yerə layiq görülüblər. Festivala Şotlandiyanın bütün məktəblərindən və kolleclərindən qızlar qatılıblar. 8 mart – Beynəlxalq Qadınlar Günündə isə İSA şagirdləri Aliyə Orucova və Eloiza Reydin qalib gəldikləri elan edilib.
Qeyd edək ki, Şotlandiyanın ADA festivalı XIX əsrin ilk riyaziyyatçılarından olan Ada Lavleysə (Ada Lovelace) həsr olunub. ADA festivalı Şotlandiyada informatika təhsili sahəsində gender bərabərsizliyinin aradan qaldırılmasına yönəldilib.