İsraildə Xocalı qurbanlarına abidə ucaldılması ilə bağlı çağırış edilib

05.03.2021

İsrailin "jerusalemonline.com" xəbər saytında "İsrail niyə Xocalıya abidə ucaltmalıdır" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə Yerevanda İsrail–Ermənistan dostluğu abidəsinin və Holokost abidəsinin təhqir olunması antisemitizmin ifadə olunması kimi dəyərləndirilib. "Bu hadisələri nəzərə alaraq İsrail dövlətinin belə yolverilməz nifrət aktlarına qarşı çıxış etməsinin vaxtı gəlib. Fikrimcə, ən yaxşı cavab Xocalı soyqırımının xatirəsinə abidə ucaltmaqdır", - deyə müəllif nəzərə çatdırıb.
İsrail prezidenti Reuven Revlinin Xocalı soyqırımı haqda sözlərini xatırladan müəllif bunu İsrail dövlətinin artıq Xocalı soyqırımını tanıması kimi qiymətləndirib.
Ekspert həmçinin Qərb dünyasında bir çoxlarının Ermənistanı kortəbii şəkildə müdafiə etməsini, Xocalı, Ağdam və digər yerlərdə törədilmiş cinayətlərə biganə yanaşdığını tənqid edib. İsrailin də Azərbaycan kimi Qərbin ikili standartlarından əziyyət çəkdiyini yada salaraq, ölkəsini Azərbaycanla həmrəylik nümayiş etdirməyə və Xocalı qurbanlarına abidə ucaltmağa çağırıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jerusalemonline.com/op-ed-why-israel-should-build-a-khojaly-memorial/