Qroznıda Xocalı soyqırımı qurbanları yad edilib

04.03.2021

Çeçenistanın paytaxtı Qroznı şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda baş tutan tədbir soydaşımız, "Mən qayıtdım, Ana" beynəlxalq vətənpərvərlik layihəsinin koordinatoru Yekaterina Muradovanın təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə "Döyüşçü" Ümumrusiya ictimai təşkilatının Çeçenistandakı regional şöbəsinin rəhbəri Abdulhəmid Üzdorbiyev, Çeçenistan Respublikasının İctmai Palatasnın üzvü Deni Yəhyayev, Sovet qoşunlarının Almaniyadakı Qrupunun Çeçenistandakı regional şöbəsinin nümayəndəsi Saypi Bersanukayev, "Dialoq" gənclər ictimai hərəkının sədri Layla Əyyubova, azərbaycanlı icmasının nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxuyublar. Çıxış edənlər Xocalı soyqırımını hiddətlə qınayıblar, Azərbaycan xalqına dəstəklərini ifadə ediblər. Rusiyanın milli məsələlər üzrə Vətəndaş Komitəsinin katibi Saypuddin Quçiqov xalqlarımız arasında dostluğun daha da möhkəmləndirilməsinə töhfə verən şəxslərə minnətdarlığını ifadə edib.
Azərbaycan icmasının nümayəndəsi Baba Nağıyev xalqımızın dərdinə şərik olduqlarına və anım tədbirinin təşkil edilməsinə görə çeçen ictimaiyyətinə minnətdarlığını bildirib. Sonra Azərbaycan dilində soydaşlarımıza müraciət edərək, II Dünya müharibəsi zamanı 1942-ci ildə Qroznının müdafiəsi uğrunda həlak olan Azərbaycan oğullarının şəhər və ətrafındakı qardaşlıq məzarlıqlarında uyuduqlarını yada salıb.