ABŞ-ın müxtəlif xəbər portallarında Xocalı soyqırımının tanınmasının vacibliyi qeyd edilib

04.03.2021

Amerika Azərbaycanlıları Şurasının rəhbəri Cavid Hüseynovun və "Pax Turcica" təşkilatının birgə təşəbbüsü ilə ABŞ-ın 4 xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümünə dair məqalələr çap edilib.
Naida Xəlilova, Aqşin Tağıyev və Ergun Kirlikovanın qələmə aldıqları məqalələrdə Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, "Human Rights Watch", "Amnesty International" kimi beynəlxalq təşkilatların, "New York Times" və digər media qurumlarının, hüquq müdafiəçilərinin erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşiliyi sənədləşdirdikləri bildirilib.
Qeyd edilib ki, erməni səhra komandiri Monte Melkonyan gündəliyində Xocalı yaxınlığındakı faciə barədə şok etiraf edib, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da bu cinayətin "azərbaycanlılara qarşı qisas aktı" olduğunu etiraf edib.
Məqalə müəllifləri xatırladıblar ki, İsrail Prezidenti Reuven Rivlin 2015-ci ilin yanvarında Holokost Anım mərasimi ilə əlaqədar BMT-nin Baş Assambleyasında danışarkən, beynəlxalq birliyin qarşısını ala bilmədiyi soyqırım aktları arasında Xocalı qətliamının da adını çəkib.
Bildirilib ki, Xocalının ağrılı xatirəsi ABŞ-ın da fəal şəkildə axtardığı Ermənistan-Azərbaycan barışı üçün maneə olaraq qalmaqdadır. Müəlliflər bəyan ediblər ki, Xocalı soyqırımı qırbanlarını yad etmək və ictimai bəyanatlarla bu qətliamın soyqırım aktı kimi tanınmasına dəstək olmaq üçün Azərbaycan-Amerika Şurasına və vətəndaş cəmiyyətinə qoşulurlar.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://www.wabashplaindealer.com/opinion/commemorating-the-anniversary-of-the-1992-khojaly-massacre/article_b9eb1fa8-1c14-5a90-a950-216aa432d5f1.html
https://www.press-citizen.com/story/opinion/letters-to-the-editor/2021/02/20/press-citizen-letters-pat-and-chuck-grassley-betray-democracy/6791227002/
https://www.claremont-courier.com/articles/opinion/t40857-letters
https://www.loscerritosnews.net/2021/02/17/letters-29th-anniversary-of-the-khojaly-massacre/