Rusiyanın müxtəlif şəhərlərində Xocalı soyqırımı qurbanları yad edilib

02.03.2021

Rusiya Federasiyasının Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar Respublikalarında, Moskva, Stavropol vilayətlərində, Krasnodar və Kamçatka diyarlarında fəaliyyət göstərən Azərbaycan icmasının təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Mahaçqala, Dərbənd, Malqobek, Vladiqafqaz, Nalçik, Serpuxov şəhər dairəsi, Kislovodsk, Pyatiqorsk, Yessentuki, Novorossiysk və Petropavlovsk-Kamçatsk şəhərlərində baş tutan tədbirlər Mahaçqala Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti, "İrs" ictimai təşkilatı, İnquşetiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti, Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresi, "Azəri" Milli-Mədəni Mərkəzi, "Serpuxov şəhər dairəsi Azərbaycanlılarının Yerli Milli-Mədəni Muxtariyyəti", "Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyəti, Krasnodar Azərbaycanlıları Birliyi və Kamçatkada yaşayan azərbaycanlıların "Azəri" ictimai cəmiyyəti tərəfindən təşkil olunub.
Anım tədbirləri Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, ruhlarına duaların oxunması ilə başlayıb.
Tədbir iştirakçıları erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri soyqırım aktını XX əsrin ən dəhşətli faciələrindən biri adlandırıblar. Xocalı soyqırımının xalqımızın yaddaşından heç bir vaxt silinməyəcəyi bildirilib. Bu cür hadisələrin təkrar baş verməməsi, Azərbaycan və Ermənistan xalqları arasında sülhün möhkəmləndirilməsi üçün dünya birliyinə Xocalı soyqırımını rəsmən tanımağa, müqəssirlərin məsuliyyətə cəlb edilməsi məqsədilə qətiyyətli addımlar atmağa çağırış edilib.