Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib

01.03.2021

Rusiyanın Murmansk şəhərində fəaliyyət göstərən "Azərbaycan" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İctimai xadimlərin, milli-mədəni təşkilatların və muxtariyyət rəhbərlərinin iştirak etdikləri tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbir iştirakçıları qarşısında çıxış edən "Azərbaycan" Mədəniyyət Mərkəzinin sədri Afil Hüseynov xalqımızın tarixində baş vermiş dəhşətli faciə barədə ətraflı məlumat verib. "Dinc əhali xüsusi qəddarlıqla məhv edildi. Bu, Azərbaycan xalqına qarşı əsl soyqırımı idi", - deyə mərkəz rəhbəri nəzərə çatdırıb. Qeyd edib ki, Xocalı faciəsi qurbanları unudulmayıb, hər il Azərbaycanda keçirilən izdihamlı mitinq və nümayişlərdə yad edilir.
"Özbəkistan" Mədəniyyət Mərkəzinin rəhbəri Paridoxan Uktamjanova, "Flueraş" Moldova Mədəniyyət Mərkəzinin rəhbəri Oksana Mogilina çıxış edərək mülki insanların qətlə yetirilməsini pisləyiblər. Azərbaycanın öz torpaqlarını geri qaytarmasına sevindiklərini bildirən çıxışçılar heç bir xalqa Xocalı soyqırımı kimi dəhşətlə üzləşməməyi, bütün xalqlara sülh və barış içində yaşamağı arzulayıblar.
Tədbirdə məktəbli uşaqlar Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirib, Xocalı soyqırımına, erməni terrorizminə həsr olunmuş kitablar, şəkillər və plakatlar nümayiş olunub.