Finlandiyanın nüfuzlu xəbər portalında Xocalı soyqırımından bəhs edilib

26.02.2021

Finlandiyanın nüfuzlu https://suomenkuvalehti.fi xəbər portalında Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar "Xocalı – tanınmamış soyqırım" sərlövhəli məqalə yerləşdirilib.
Azər-Türk gənclər təşkilatının fəal üzvü, 16 yaşlı məktəbli Mona Safojifarın qələmə aldığı məqalədə Azərbaycan və Ermənistan arasındakı münaqişə, erməni silahlı birləşmələrinin 29 il öncə Azərbaycanın Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırım aktı barədə ətraflı məlumat verilib.
Müəllif qeyd edib ki, Xocalı dəhşətləri barədə Xocalıda ermənilər tərəfindən əsir götürülən qohumundan eşidib. "Necə ələ keçirilməsi, nələrin baş verdiyi və necə sağ qalması barədə onun təsirli hekayətini dinləmişəm. Onun danışdıqlarını göz yaşı axıtmadan dinləmək olmur. Minlərlə başqa insanlar da mənim qohumlarımın üzləşdiyi durumda olublar", - deyə məktəbli soydaşımız Xocalı acısını nəzərə çatdırıb.
Müəllif bu cinayəti törədənlərin indiyədək məsuliyyətə cəlb olunmadıqlarına, dünya ictimaiyyətinin buna göz yumduğuna və fin dilində Xocalı soyqırımı barədə dürüst xəbərlərin çətin tapıldığına diqqəti cəlb edib.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://suomenkuvalehti.fi/megafoni/khojali-kansanmurha-jota-ei-tunneta