İtaliya mediasında azərbaycanlıların Xocalıya ədalət tələb etdiklərindən yazılıb

26.02.2021

Həmvətənlərimizin təşəbbüsü ilə İtaliyanın "Electo Magazine" xəbər portalında "Üzərindən 29 il keçən Xocalı qırğınına görə azərbaycanlılar ədalət tələb edir" sərlövhəli məqalə yayımlanıb.
Enriko Tosellinin qələmə aldığı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin və onların havadarlarının Xocalı şəhərində xüsusi qəddarlıqlarla dinc azərbaycanlıları qətlə yetirməsi barədə ətraflı məlumat verilib.
Müəllif bildirib ki, əgər beynəlxalq təşkilatlar Xocalı qətliamına görə boş və mənasız bəyanatlar vermək əvəzinə, vaxtında cinayətkarların cəzalandırılmasına nail olsaydı, o zaman Qarabağ münaqişəsi zamanı çoxlu sayda insan tələfatının qarşısını almaq olardı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olunan zaman etnik azərbaycanlılardan olan yüzlərlə mülki şəxs erməni silahlıları tərəfindən öldürülüb, yaralanıb və ya əsir götürülüb.
Bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsinin soyqırımı aktı kimi tanındığı, Dağlıq Qarabağın 30 ildən sonra yenidən Azərbaycanın nəzarətinə qayıtdığı, rəsmi Bakının regionda millətlərarası əməkdaşlıq imkanlarını yaratmaqda maraqlı olduğu bildirilir, lakin öncə Xocalı qətliamının günahkarlarının cəzalandırılmasını və onların ailələrinə adekvat təzminatın verilməsi tələbi ilə çıxış etdiyini bildirilir.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://electomagazine.it/a-29-anni-dalla-strage-di-khojaly-gli-azeri-chiedono-giustizia