Qarabağ mövzusu aşıqların dilindən təqdim olunub

18.02.2021

Türkiyədə "Aşıqların dilində Qarabağ" mövzusunda onlayn bədii proqram keçirilib. Tədbir Ərzurum vilayətindəki Atatürk Universitetinin və İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutub.
Atatürk Universitetinin müəllimi Gürsoy Solmazın moderatorluğu ilə aparılan bədii proqramda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqaları çıxış ediblər. Natiqlər xalq yaradıcılığının əsas qollarından biri olan və öz qədimliyi ilə seçilən aşıq sənətindən, Qarabağ mövzusunun aşıqlar tərəfindən vəsf edilməsinin əhəmiyyətindən danışıblar, proqrama qatılan ozanlara təşəkkürlərini bildiriblər.
Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrini təmsil edən sənətkarlar – Esat Kabaklı, Səlahəddin Dündar, Şirzad Pirallahi, Əziz Əliyev, Serpil Bayrak, Nargilə Mehdiyeva, Füzuli Cavadzadə və digər aşıqlar Azərbaycanın əsrarəngiz təbiətini, Qarabağın füsunkar gözəlliyini, xalqımızın qəhrəman övladlarının igidlik salnamələrini, öz torpağına və vətəninə bağlılığını tərənnüm edən əsərlər təqdim ediblər.