İsrail mediasında Xocalı soyqırımının dəhşətlərindən bəhs edilib

17.02.2021

İsrailin “peacecom.org” xəbər saytında Xocalı soyqırımından bəhs edən "Azərbaycan – qaranlıqdan aydınlığa" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalə ermənilərin törətdikləri Xocalı soyqırımının dəhşətlərini yaşamış Rəhilə Rəşid qızı Hacıyevanın şahidi olduğu hadisələrin təsvirindən başlayıb. 1992-ci ilin dəhşətli günündə Xocalıda 613 azərbaycanlının öldürüldüyünü, 487 nəfərin əlil halına salındığını, 1275 sakinin əsir, 150 nəfərin itkin düşdüyünü xatırladan müəllif yazıb: "Xocalı şəhəri tamamilə yandırılmışdı. Şəhərdəki mülki vətəndaşların əksəriyyətinin başı kəsilmişdi, gözləri çıxarılmışdı, dəriləri soyulmuşdu, diri-diri yandırılmışdı və ya tanınmaz hala salınmışdı. O zaman "Le Mond"un xəbər verdiyi kimi, "Ağdamdakı xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadın və uşaqların arasında başları kəsilmiş və dırnaqları çıxarılmış 3 meyit görmüşdülər. Bu, Azərbaycan təbliğatı deyil, gerçəklikdir".
Sivil millət kimi Azərbaycan xalqının Holokostdan tutmuş Ruanda, Bosniya, Xatın və Xocalı soyqırımının daxil olduğu bütün soyqırımları, kütləvi qırğınları, dünyada fanatizm və nifrət zəminində törədilmiş terror və təcavüzkar aktlarını qətiyyətlə pislədiyini vurğulayan müəllif qeyd edib ki, xalqımız hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir və insanlığa zidd cinayəti törədənlərin mühakimə edilməsini və cəzalandırılmasını tələb edir.
Məqalədə bu ağır faciəni və erməni təcavüzkarlığının digər fəsadlarını yaşamış xalqımızın öz güclü iradəsinə söykənərək bugünkü müasir, tolerant və multikultural cəmiyyət yaratmasına, Azərbaycanın bəşəriyyətin ən qədim insan məskənlərindən biri olduğuna, bunun sübutu olan Azıx mağarasının Vətən Müharibəsindəki qələbədən sonra öz sahibinə qovuşduğuna diqqət cəlb edilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.peacecom.org/en/article/1756/