Lütfi Zadənin 100 illiyinə həsr olunmuş beynəlxalq videokonfrans keçirilib

06.02.2021

5 fevral tarixində Diasporla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş videokonfrans keçirilib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunub.
Videokonfransa Azərbaycan da daxil olmaqla, Türkiyə, Yaponiya, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Avstraliya, Niderland və digər ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı elm xadimləri, Azərbaycan diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri də daxil olmaqla, 100-ə yaxın iştirakçı qatılıb. Tədbir, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmlər doktoru Oleq Hüseynovun moderatorluğu ilə keçib.
İlk öncə elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsinə dair Sərəncamı haqqında məlumat verilib. Sonra görkəmli alimə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbir iştirakçılarının çıxışlarında Azərbaycan xalqının bütün dünyada tanınan görkəmli təmsilçisinin 100 illiyinə həsr olunmuş tədbirin təşkilinə görə Dövlət Komitəsinə təşəkkür edilib.
Professor Rafiq Əliyev Lütfi Zadə irsi, alimin elm sahəsinə gətirdiyi yeniliklər, elmi fəaliyyəti barədə geniş məlumat verib. Lütfi Zadəni dünya elmini inkişaf etdirən şəxsiyyət adlandıraraq, elmə böyük töhfələr bəxş edən nəzəriyyələri, xüsusilə də “Z ədədlər nəzəriyyəsi” və 60-cı illərdə elmə gətirdiyi qeyri-səlis məntiq nəzəriyyəsi barədə ətraflı danışıb. “Lütfi Zadə riskli bir addım atdı. Klassik riyaziyyatı dəyişdi. Real həyatı yaza bilən yeni, qeyri-səlis bir riyaziyyat yaratdı. Bu, elə bir nəzəriyyə idi ki, yayılma sürəti və coğrafiyasına görə elmdən çox dini xatırladır”- deyə R.Əliyev əlavə edib.
Professor Oleq Hüseynov da çıxışında Lütfi Zadənin elmi fəaliyyətinin müasir dövrdəki nəticələrindən danışıb və qeyd edib ki, hazırda o da bir çox dünya alimləri ilə birgə “Z ədədlər” nəzəriyyəsi üzərində fəaliyyəti davam etdirir. AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov L.Zadə nəzəriyyəsinin müxtəlif texnoloji və istehsal sahələrindəki inkişafa təkan verdiyini vurğulayıb. “L.Zadənin fikirləri, eləcə də tətbiqi riyaziyyatın digər yenilikçi hissələri (süni intellekt, genetik alqoritmlər, robototexnika) maşınqayırma və digər sahələrdə geniş tətbiq edilir”-deyə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Zahid Qocayev bildirib. Başqırdıstan Elmlər Akademiyasının akademiki Baxtizin Ramil neft və qaz sənayesi sahəsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin effektiv tətbiqi ilə əlaqədar fikirlərini paylaşıb. Moskva bölgəsindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədr müavini, ictimai xadim Həşim Əliyev Lütfi Zadə irsinin müasir elmdə töhfələrini yüksək qiymətləndirib, onunla bağlı xatirələrini paylaşıb. Türkiyə İqtisadiyyat və Texnologiya Universiteti Ticarət və Mübadilə Palatasının beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayılov tədbirdə TOBETU, ANKARA, “BASKENT”, KARABUK universitetlərini təmsil edən alimlərin də iştirakını xüsusi qeyd edərək, türk dünyasının dahi mütəfəkkirinin bütün dünyada yayılmış şöhrətindən danışıb.
Daha sonra Türkiyə–Azərbaycan, Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar, Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi Əmrullah Məmmədov, SOCAR-ın layihə analitiki Babək Kərimov, professor Saleh Sultansoy, professor Ömər Akın, Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova, Vaterloo Universitetinin professoru İlham Axundov, Azərbaycanın Əməkdar elm xadimi, akademik Akif Əlizadə, Tokio Universitetinin doktoru, Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və başqaları çıxış ediblər.
Lütfi Zadəni bütün zamanların dahisi adlandıran natiqlər bildiriblər ki, görkəmli həmvətənimiz elmdə prinsipiallığı ilə seçilib, Aristotel məntiqini genişləndirərək, ortaya fərqli nəzəriyyə çıxarıb. Lütfi Zadənin nəzəriyyələrinin Yaponiyaya və digər ölkələrə töhfələr bəxş etdiyi, intellektual robotların yaranmasına təkan verdiyi, alimlərin və davamçılarının L.Zadənin elmi yaradıcılığından bəhrələndikləri vurğulanıb.