Macarıstan mediasında Budapeşt və Bakı qırğınlarından bəhs olunub

23.01.2021

Macarıstanda yaşayan azərbaycanlı icmanın təşəbbüsü ilə https://dailynewshungary.com xəbər portalında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş "Dinc əhali üzərində kommunizmin böyük qətliamı: 1956-cı il Macarıstanından 1990-cı il Azərbaycanına" sərlövhəli məqalə dərc olunub.
Məqalədə SSRİ rəhbərliyinin göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda günahsız mülki vətəndaşlara qarşı kütləvi qırğının törədilməsindən ətraflı yazılıb. Qeyd edilib ki, bənzər cinayətlər Macarıstanda (1956), Çexoslovakiyada (1968), Qazaxıstanda (1986), Gürcüstanda (1989) və Litvada (1991) törədilib. Lakin Bakıdakı Qara Yanvar faciəsi M.Qorbaçov hakimiyyətinin həyata keçirdiyi ən qəddar əməliyyat olub. "Mülki vətəndaşlarla dolu küçələrin görüntüləri Qırmızı Ordunun 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada mülki şəxslərə qarşı törətdiyi cinayətləri xatırladırdı".
Qeyd edilib ki, “Qara Yanvar" faciəsi Azərbaycanda Sovet hakimiyyətinin sonunun başlanğıcı oldu. Amma 31 il keçməsinə baxmayaraq, hər il yanvarın 20-də Şəhidlər Xiyabanına axın azalmır. "Qan boş yerə tökülməyib. Bu gün həm Azərbaycan, həm də Macarıstan müstəqil dövlətlərdir. Xalqlarımız azadlığın qiymətini bilirlər".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://dailynewshungary.com/communisms-grand-massacre-of-civilians-from-1956-in-hungary-through-1990-in-azerbaijan/