Haaqadan yayımlanan onlayn proqramda 20 Yanvar hadisələrindən bəhs edilib

23.01.2021

Niderland Krallığının Haaqa şəhərində fəaliyyət göstərən Hollandiya Azərbaycan- Türk Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "Youtube" kanalında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım proqramı yayımlanıb.
Pandemiya məhdudiyyətləri səbəbindən onlayn təşkil edilən proqramın qonağı Almaniyada yaşayan yazıçı Orxan Aras olub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin anılması ilə başlayan proqram zamanı mərkəzin sədri İlhan Aşkın 20 Yanvar hadisələrinin Azərbaycan tarixindəki yeri və əhəmiyyəti barədə Orxan Aras ilə müzakirə aparıb.
Azərbaycandaki azadlıq və müstəqillik hərəkatlarının tarixi haqqında qısa məlumat verən O.Aras 20 Yanvar hadisələrini bu müqavimətin davamı kimi qiymətləndirib. 20 Yanvar hadisələri zamanı silahsız xalqımızın sovet əsgərləri üzərində mənəvi qələbə çaldığı, Azərbaycana daxil olan işğalçı qatillərdən qorxmadığı, etiraz əlaməti olaraq küçələrə çıxdığı, Bakıda şəhidlərin dəfn mərasimində milyonlarla insanın iştirak etdiyi yada salınıb.
Azərbaycanın müstəqillik qazanmaqla, güclü ordu qurub 44 günlük müharibə zamanı işğal altındakı torpaqları azad etməklə və ərazi bütövlüyünü bərpa etməklə şəhidlərimizin ruhunun şad edildiyi bildirilib. "20 Yanvar və sonrasında müstəqillik müharibəsində iştirak edən hər kəsi minnətdarlıqla xatırlamalıyıq. Müharibədən əvvəl ordunun hazırlanmasında və müharibənin idarə edilməsindəki yüksək bacarığı ilə hər kəsin sevgisini qazanan Azərbaycan Prezidenti hörmətli İlham Əliyevi təbrik edirəm", - deyə O.Aras qeyd edib.
İzləyicilərin suallarının cavablandırılması ilə yekunlaşan proqramı aşağıdaki linkdən izləmək mümkündür: https://youtu.be/bTFFxEl5tgM