Daşkənd şəhərində anım tədbiri təşkil edilib

22.01.2021

Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənd şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov giriş sözü ilə tədbiri açaraq SSRİ rəhbərliyinin Azərbaycana qarşı yarıtmaz və yolverilməz siyasət yürütməsi, 20 Yanvar qətliamına gətirib çıxaran proseslər barədə ətraflı məlumat verib. Azərbaycanın suverenliyinin, konstitusiyasının və beynəlxalq konvensiyaların pozulması ilə müşayiət olan bu kütləvi qırğının insanlığa qarşı cinayət kimi tarixdə qalacağı vurğulanıb. Özbəkistanda yaşayan soydaşlarımızın əbədiyyətə qovuşmuş şəhidlərimizin xatirəsini daim yaşadacağı bildirilib.
Tədbirdə 20 yanvar faciəsinin canlı şahidi, hazırda "AzərTAC" İnformasiya Agentliyinin Orta Asiya ölkələri üzrə xüsusi müxbiri olan Qulu Kəngərli həmin gecənin dəhşətli anlarından danışıb.
Tədbir iştirakçıları 20 Yanvar qətliamı ilə əlaqədar İnsan haqları üzrə beynəlxalq təşkilatlara bəyanat ünvanlamaq barədə qərar qəbul ediblər.
Tədbir çərçivəsində Qanlı Yanvar hadisələrini əks etdirən sərgi nümayiş etdirilib.