Ukraynalı alimlər 20 Yanvar faciəsindən danışıblar

22.01.2021

Ukraynanın Xarkov şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans keçirilib.
Tədbir Xarkov vilayətində fəaliyyət göstərən "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin təşkilatçılığı, Ukrayna Azərbaycanlıları Radasının (UAR) dəstəyi, Azərbaycanın Ukraynadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutub.
Tədbirdə ölkəmizin Ukraynadakı səfirliyinin 3-cü katibi Təranə Sadıqova, Dövlət Komitəsinin sektor müdiri Tural Səfərov, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun rəhbəri, UAR-ın həmsədri Hikmət Cavadov, Kiyev Azərbaycanlıları Konqresinin rəhbəri, UAR-ın həmsədri Oleq Krapivin, UAR-ın baş katibi Cəlal Hüseynov, Ukraynanın elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Dostluq" Azərbaycan-Ukrayna Cəmiyyətinin sədri Murad Ömərov iştirakçıları salamlayaraq, 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Videokonfransda Xarkov Milli Radioelektronika Universitetinin prorektoru, Xarkov vilayət şurasının deputatı Vasili Rossixin, Xarkov Dövlət Mədəniyyət Akademiyasının prorektoru Yelena Bilık, Q.Skovoroda adına Xarkov Dövlət Pedaqoji Universitetinin kafedra müdiri Natalya Rudnaya, Dövlət idarəetməsi üzrə elmlər doktoru, "Dostluq" Ukrayna-Azərbaycan Cəmiyyətinin fəxri üzvü Azad Ömərov, Y.Mudrı adına Milli Hüquq Universitetinin müəllimi, hüquq elmləri namizədi Aysel Ömərova, ictimai xadim Əbülfəz Qasımov, Ukraynanın Xalq artisti, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Qurban Abbasov çıxış ediblər.
Natiqlər Qara Yanvar faciəsinin səbəbləri, nəticələri, təkcə Azərbaycanda deyil digər ölkələrdə baş verən proseslərə sonrakı təsirindən danışıblar. Bildirilib ki, 20 Yanvar hadisələri SSRİ-nin dağılmasının başlanğıcı oldu. Bu dəhşətli hadisənin Ukrayna xalqı və rəhbərliyi tərəfindən dəstəklənən Azərbaycan xalqının daim yaddaşında qalacağı vurğulanıb. Həmin dönəmdə Ukrayna ziyalılarının, elm və mədəniyyət xadimlərinin SSRİ rəhbərliyinin hərəkətlərini pislədikləri, hadisələrə beynəlxalq hüquqi qiymət verilməsini tələb etdikləri yada salınıb.
Tədbir iştirakçılarının hər birinin çıxışında Azərbaycan rəhbərliyinə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq ifadə edilib və Vətən müharibəsində əldə olunan Qələbə münasibətilə təbriklər səslənib.
Sonra rejissor Andrey Konçalovskinin "Qara Yanvar" sənədli filmi nümayiş olunub. "Dostluq" Azərbaycan mədəni-tədris mərkəzinin yetirmələri 20 Yanvar faciəsinə həsr olunmuş Azərbaycan və rus dillərində şeirlər söyləyiblər.