Rotterdam şəhərində 20 Yanvar şəhidləri yad edilib

19.01.2021

Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Rotterdam şəhərində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

BAK-ın Rotterdamdakı ofisində baş tutan tədbirdə diaspor təşkilatının rəhbərliyi və digər icmaların təmsilçiləri iştirak ediblər. Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ugrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Tədbirdə BAK-ın sədri Elsevər Məmmədov, sədr müavini Sima Cəfərova, idarə heyətinin üzvü, İraq-Türkmən Cəmiyyətinin sədri Cüneyd Avçı və digərləri çıxış ediblər. Natiqlər 20 Yanvar faciəsinin tarixi və baş vermə səbəbləri barədə ətraflı danışıblar. Qanlı yanvar qırğınına gətirib çıxaran hadisələr – M.Qorbaçov başda olmaqla sovet rəhbərliyinin Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürən erməniləri açıq-aşkar dəstəkləməsi, xalqımızın bu cür ədalətsiz və haqsız münasibətə etiraz etməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını tələb etməsi, heç bir xəbərdarlıq edilmədən qoşun bölmələrinin Bakıya yeridilərək günahsız və dinc azərbaycanlıları qətlə yetirməsi bir daha yada salınıb. Tədbir iştirakçıları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verənlərlə bağlı xatirələrini bölüşüblər.

Tədbir şəhidlərin ruhuna duaların oxunması ilə yekunlaşıb.