Misirdəki Azərbaycan diasporu Həmrəylik Günü münasibətilə bəyanatla çıxış edib

05.01.2021

Misirdə fəaliyyət göstərən "Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bəyanat yayıb.

Birliyin sədri, tədqiqatçı alim Seymur Nəsirovun imzası ilə "Akhbarelyom", "Elwatiqa", "Almydanews" və "sotbaladna" kimi xəbər portallarında dərc olunmuş bəyanatda bu əlamətdar günün yaranma tarixi, xalqımız və diaspor təşkilatları üçün böyük əhəmiyyət daşıması barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, 31 dekabr tarixinin həmrəylik günü kimi qeyd edilməsi barədə qərar ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qəbul edilib. Bu qərarın dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsinə, onların Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsinə xidmət etdiyi nəzərə çatdırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu müvəffəqiyyətlə davam etdirdiyi, dünya azərbaycanlılarının əvəzsiz lideri olduğu bildirilib. Hazırda müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanla qədim tarixi əlaqələrə malik olan Misirdə yaşayan soydaşlarımızın yerli cəmiyyətlərə uğurlu inteqrasiya etdikləri, ictimai-siyasi, elmi və mədəni həyatda mühüm rol oynadıqları vurğulanıb.

Keçmiş sovet respublikaları arasında İslam Əməkdaşlıq Təşkilatına qoşulan ilk dövlətlərdən biri olan Azərbaycanın ərəb və İslam dünyası ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verdiyinə, ölkəmizin BMT Təhlükəsizlik Şurasındakı səsvermə nəticəsində 155 dövlət tərəfindən dəstəkləndiyinə, habelə Qoşulmama Hərəkatına sədrlik etdiyinə və bu cür mühüm hadisələrin dövlətimizin beynəlxalq nüfuzunun bariz göstəricisi olduğuna diqqət cəlb edilib.

Daha ətraflı bu linkdə: https://www.elwathiqa.com/730