İsveçrədəki soydaşlarımız Azərbaycan əsgərlərinə minnətdarlıq məktubu yazıblar

30.12.2020

İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyi 44 günlük Vətən müharibəsi dövründə müxtəlif aksiyalar keçirməklə xalqımıza və ordumuza dəstək göstərib.

Birliyin sədri Arzu Əliyeva bildirib ki: “Aksiyalardan biri də "Asan Xidmət"in başladığı "Əsgərə Məktub" kampaniyası çərçivəsində Azərbaycan ordusunun əsgər və zabitlərinə məktub yazmaqdan ibarət olub. İsveçrənin Sürix, Cenevrə, Lozanna, Bern, Bazel şəhərlərində yaşayan soydaşlarimiz səngərlərdə düşmənlə üz-üzə dayanan, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və Vətənimizin ərazi bütövlüyünün bərpa olunması uğrunda fədakarlıqlar göstərən igid oğullarımıza məktublar yazaraq, onlara sevgi və minnətdarliqlarını bildiriblər, hər zaman əsgərləri düşündüklərini vurğulayıblar”.

Aksiyaya qatılan azərbaycanlı uşaqlar əsgərlərimizə sevgilərini çəkdikləri müxtəlif rəsmlərlə ifadə ediblər. Məktubları alan əsgərlərimiz İsveçrədəki həmvətənlərimizə təşəkkür ediblər.