Diaspor təmsilçiləri dövlət başçısına təşəkkür edir

29.12.2020

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bir qrup soydaşımız və Azərbaycana dost ölkələrin diaspor nümayəndələri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı və təşəkkürnamə ilə təltif olunub.

Diasporun Azərbaycan Respublikası ilə əlaqələrinin möhkəmləndirilməsində, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyaların yayılmasında göstərdikləri xidmətlərə, eləcə də Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafındakı rollarına görə mükafatlandırılan yüzlərlə insan ölkə rəhbərliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıq məktubu ünvanlayıb.

Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə əlaqələndiricisi və Azər-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberq, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının sədri Tərlan Qasımov, Vladivostokda “Dostluq” Azərbaycan cəmiyyətinin sədri Ramiz Zeynalov, Moskva Azərbaycan Cəmiyyətinin sədri Şamil Tağıyev, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Azİz İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının icraçı direktoru Şaul Simontov, Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingiz Abdullayev, Gürcüstanda yaşayan ictimai fəalı Aygül İsayeva, ABŞ-da yaşayan soydaşımız Mehriban Nəsibova, eləcə də yüzlərlə digər diaspor təmsilçisi təltifə və həyata keçirilən diaspor siyasətinə görə ölkə rəhbərliyinə təşəkkür ediblər.

Soydaşlarımız bundan sonra da Azərbaycanın dünyada təbliği, milli maraqlarımızın müdafiəsi, diaspor fəaliyyətinin gücləndirilməsi yolunda fədakarlıqla çalışacaqlarını qeyd ediblər.

Qeyd edək ki, bu proses davam edəcək və qarşıdan gələn əlamətdar günlərdə diaspor fəaliyyətinə töhfələr verən soydaşlarımız da təltif olunacaq, kimsə kənarda qalmayacaq.