M.Maqomayevin xatirəsinə həsr olunmuş III Beynəlxalq vokal müsabiqəsi keçirilib

09.12.2020

Dekabrın 1-dən 4-dək Ukraynanın Truskavets şəhərində dünya şöhrətli azərbaycanlı müğənni, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş III Beynəlxalq vokal müsabiqəsi keçirilib.

Müsabiqə Ukraynada fəaliyyət göstərən M.Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Truskavets şəhər şurasının birgə təşkilatçılığı, Azərbaycanın bu ölkədəki səfirliyinin, Ukrayna Azərbaycanlıları Radasının, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə gerçəkləşdirilib.

Münsiflər heyətində Ukraynanın Xalq artistləri Qurbanəli Abbasov (sədr), Aleksandr Dyaçenko və Lyudmila Bojko təmsil olunublar. Müsabiqənin açılış və bağlanış mərasimlərində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və şəhər meri Andrey Kulçinski iştirak ediblər.

Tədbir Qarabağ savaşında həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Müsabiqəyə qatılan ukraynalı vokalçılar Müslüm Maqomayevin repertuarından opera ariyalarını və mahnılarını ifa ediblər.

Müsabiqənin qalibləri adına Viktoriya Melnik və Anastasiya Povajnaya (I yer), İqor Povajnı və Nikol Çirka (II yer), Yevgeni Raxmanin, Maksim Qara və Pavel Qrişenko (III yer) layiq görülüblər. M.Maqomayev yaradıcılığını təbliğ etdiyinə görə Andrey Oleninə 14 min qriven, M.Maqomayevin mahnılarının ən yaxşı ifasına görə Vitali İvanova 10 min qriven məbləğində mükafatlar təqdim olunub. Ümumilikdə müsabiqə iştirakçıları müxtəlif nominasiyalar üzrə 17 mükafat qazanıblar.

Müsabiqə çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsgər Cavadovun sərgisi də təşkil edilib. Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti dahi müğənni M.Maqomayevə və onun yaradıcılığına həsr olunub.