Dünya azərbaycanlıları xalqımızı təbrik edir

08.12.2020

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib gələn yenilməz Azərbaycan ordusunun qazandığı şanlı qələbə münasibətilə ölkə prezidentinə təbrik və təşəkkür məktubları gəlməkdə davam edir. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar xalqımızı, prezidentimizi, ordumuzu qələbə münasibətilə təbrik edir, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.

Latviya, İspaniya, Almaniya, Rusiya və Türkiyədə yaşayan azərbaycanlılar Azərbaycanın Prezidentinə, ordusuna onlara yaşatdıqları zəfər sevincinə görə təşəkkürünü bildirir, Azərbaycan xalqını təbrik edirlər. Həmvətənlərimiz bildirir ki, Ali Baş Komandanın və Azərbaycan ordusunun sayəsində işğal olunmuş torpaqlarımızda 27 ildən sonra Azərbaycan bayrağı qürurla dalğalanır, Vətən həsrəti çəkən soydaşlarımız tarixi torpaqlarına qovuşurlar.

Məktublarda həmçinin qeyd edilir ki, həmvətənlərimiz Vətən naminə arxa cəbhədə mübarizədə əlindən gələni əsirgəməyib və bundan sonra da əsirgəməyəcəklər. Soydaşlarımız Vətən uğrunda şəhid olanlara tanrıdan rəhmət, qazilərimizə şəfa diləyirlər.