Britaniya və İslandiyada yaşayan soydaşlarımız gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər

16.11.2020

Böyük Britaniya Krallığında və İslandiyada yaşayan soydaşlarımız Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağda tarixi qələbəmiz və bundan sonra diasporun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib. Görüşdə Britaniya Azərbaycanlıları Assosiasiyasının, Azərbaycan-Şotlandiya Assosiasiyasının, “Buta” Azərbaycan-Şotlandiya İctimai Birliyinin, “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin və London Azərbaycan Evinin təmsilçiləri, Birləşmiş Krallıqda və İslandiyada yaşayan soydaşlarımız iştirak edib.

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edib. “Şanlı ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində əldə olunmuş bu möhtəşəm qələbə dünya azərbaycanlılarının fəaliyyət istiqamətlərinə yeni çalar qatır. Bundan sonra diasporumuzun fəaliyyəti daha çox Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsinə, Qarabağın zəngin mədəni-irsinin təbliğinə yönələcək. Diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimaiyyəti, xüsusilə mətbuat orqanları ilə daha geniş əlaqələr qurmağa, dövlətimizə dəstək olmağa səy göstərməlidir” – deyə Komitə sədri bildirib.

Görüşdə çıxış edən Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova Azərbaycanın tarixi qələbəsi münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, “Azərbaycanlıların Beynəlxalq Web Portalı” yaradılıb və hazırda portalda təkmilləşdirmə işləri aparılır.

Səbinə Rakçiyeva, Elvira Aslanova, Ali Tekin Atalar, Zakir Con Həsənov, Aysel Əsgərova, Hafiz Baxşəliyev, Səbinə Həsənli, Murad Nəbiyev, Cavid Aslanov, Ləman Ağası, Ülvi Pepinova, Nərgiz Morrison, Pərvanə Ağazadə, Fuad Ələkbərov, Şəfiqə Roberts və digərləri çıxış edərək, Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması üçün əllərindən gələni edəcəklərini və bu yolda daha sıx birləşəcəklərini vurğulayıblar.

40 nəfər soydaşımızın iştirak etdiyi görüşdə tarixi qələbənin Azərbaycan diasporunun qarşında qoyduğu yeni vəzifələrlə bağlı rəy və təkliflər səsləndirilib.