Qətərdə Azərbaycanın şanlı qələbəsi coşqu ilə qeyd edilib

16.11.2020

Qətərdə yaşayan azərbaycanlılar işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində əldə edilən qələbəni yüksək sevinc hissi ilə qarşılayıblar. Şanlı qələbə münasibətilə Qətərdəki Azərbaycan diasporu Doha şəhərində avtoyürüş təşkil edib.

Azərbaycan, Türkiyə və Qətər bayraqlarının dalğalandırıldığı tədbirdə uşaqdan böyüyə hər kəs “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”, “Biz qalibik!” kimi şüarlar nümayiş etdiriblər. Həmvətənlərimiz Qarabağın gözü olan Şuşa şəhərində, eyni zamanda işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılmasından qürur duyduqlarını və qazanılan qələbəyə görə şanlı Azərbaycan ordusuna, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Hər üç ölkənin bayraqları ilə bəzədilmiş avtomobil karvanı şəhərin küçələri boyunca hərəkət edib.