İordaniyada yaşayan azərbaycanlılar Dövlət Bayrağı gününü birgə qeyd ediblər

11.11.2020

İordaniyadakı Azərbaycan diasporunun nümayəndələri, COVID-19-la bağlı mövcud qaydalara riayət etməklə, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə tədbir keçiriblər.

Tədbir Əmmanın Bədr rayonunda ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda keçirilib. Soydaşlarımız öncə ümumillli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirələrini yad edib, ruhuna dualar oxuyub.

Hər kəs qürurla üçrəngli bayrağımızı dalğalandıraraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun əldə etdiyi tarixi qələbələri sevinclə qeyd edib və ədalətli mübarizəsində Azərbaycanı dəstəklədiklərini bildiriblər.

Daha sonra tədbir iştirakçıları Azərbaycan bayrağının rəngləri ilə işıqlandırlan “Le Royal” hotelinin qarşısına toplaşıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə “Le Royal” hotelinin binası bayrağın rənglərində işıqlandırılıb.