Bayraq Günümüz mübarək olsun, əziz azərbaycanlılar!

09.11.2020

9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günüdür. Bütün dünyada yaşayan azərbaycanlılar bu gün münasibətilə müəyyən tədbirlər təşkil edərək milli qürurumuz olan bayrağımızı tanıdır və sevdirirlər.

Bu Bayraq gününün daha bir özəlliyi isə üçrəngli bayrağımızın Şuşada da dalğalanmasıdır. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırır, xalqımız öz doğma torpaqlarına qovuşur.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq xalqımızı və dünya azərbaycanlılarını Dövlət Bayrağı günü münasibətilə, bu bayrağın Şuşada dalğalanması münasibətilə təbrik edirik.

Azərbaycanın Dövlət bayrağı ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmişdir.

Rəsmi olaraq Milli Bayraq, yenidən 72 il sonra Azərbaycan ərazisində Naxçıvan Muxtar Respublikası Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarı əsasında Naxçıvan Ali Sovetinin binası üzərində ucaldılmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət bayrağı haqqında Qanun qəbul edərək üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusunu vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 17 noyabr 2009-cu ildə imzalanmış sərəncama əsasən 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Diasporla İş üzrə Dövlət Komitəsi olaraq xalqımızı, dünya azərbaycanlılarını Dövlət Bayrağı günü münasibətilə bir daha təbrik edir və tezliklə üçrəngli bayrağımızın işğal altında olan bütün ərazilərimizdə dalğalandırılmasını arzu edirik.