Gəncəyə səfər edən nümayəndə heyəti mətbuata açıqlama verib

04.11.2020

Biz Gəncədə baş verən erməni terroru ilə bağlı buradayıq. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eyni zamanda, bizim bu haqq işimizdə xaricdə yaşayan türkiyəli icmalar da azərbaycanlı icmalarına dəstək veriblər.

Bu fikirləri Gəncədə jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir: “Bu gün bizim haqlı mücadiləmizə qarşı yalan məlumatların yayılmasında ermənilər xüsusi canfəşanlıq edirlər. Biz bununla bağlı da birgə mübarizə aparırıq. Bizim birgə yol xəritəmiz var və bu istiqamətdə işlərimiz davam edir. Bu gün Türkiyədə elə bir insan yoxdur ki, Gəncənin, Bərdənin, Naftalanın, ümumiyyətlə hərbi obyektlərin olmadığı şəhərlərin bombalanmasını pisləməsin”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini deyən Komitə sədri qeyd edib ki, türkiyəli qonaqlar general-mayor Polad Həşimovun və Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun ailələrini də ziyarət ediblər.

Fuad Muradov İzmirdə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib və ilk gündən Azərbaycanın İzmirlə birlikdə olduğunu bildirib.

Müharibə başlayandan Türkiyə olaraq qardaş Azərbaycana və onun xalqına hər sahədə dəstək verməyə çalışırıq. Bu sözləri Gəncədə jurnalistlərə açıqlamasında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib. Baş İdarə rəisi qeyd edib ki: Gəncə tarixi keçmişi, yetişdirdiyi şəxsiyyətləri ilə çox önəmli şəhərdir. Burada yaşayan insanlar qəhrəman insanlardırlar. Ermənistan Gəncəyə neçə dəfə raket hücumları edib, çoxsaylı dinc insan həlak olub. Mən onların hamısına Allahdan rəhmət diləyirəm. Uşaqlar, yaşlı insanlar qətlə yetirilib. Uşaqlar anasız, atasız qalıb. Mülki vətəndaşlara qarşı qətliamlar qəbuledilməzdir. Azərbaycan dövləti müharibə başlayandan bəri döyüş meydanında mərdliklə, müharibə qaydalarına uyğun mübarizə aparır və işğal olunmuş öz ərazilərini azad edir. Lakin Ermənistan bütün dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək, mülki vətəndaşları vurur”.

A.Eren əminliklə ifadə edib ki: Azərbaycanın böyük qələbəsinin yaxın olduğunu düşünürük. Hər kəs Azərbaycan üçün dua edir. İnşallah bu müharibədə dost və qardaş Azərbaycan zəfər qazanacaq. Türkiyə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.

Qeyd edək ki, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin rəisi Abdullah Erenin rəhbərliyi ilə Bakıya səfər edən nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun, millət vəkillərinin müşayiəti ilə Gəncədə erməni terroru nəticəsində dağılmış ərazilərə baş çəkib, terror qurbanlarının xatirəsini anıblar.