Budapeştdə Bərdə terroruna etiraz bildirilib

01.11.2020

Macarıstanda yaşayan azərbaycanlı icmasının və tələbələrin təşəbbüsü ilə Budapeşt şəhərinin Azadlıq meydanında Bərdə və Gəncə şəhərlərindəki terror qurbanlarının anım mərasimi keçirilib.

Bərdə, Gəncə və digər yaşayış məntəqələrində işğalçı Ermənistan ordusunun terror aktları törətməsini, mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların qətlə yetirilməsini yaşadıqları cəmiyyətə çatdırmaq üçün baş tutan aksiya terror qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Aksiyada 50 nəfər gənc soydaşımız əllərində Ermənistanın işğalçı siyasətini, Gəncə və Bərdə şəhərlərində ermənilərin törətdiyi terror aktlarını əks etdirən məlumat lövhələrini, "Körpələr mələkdirlər, mələklərin öldürülməsinə son qoyulsun!", "Mən sülhəm, amma Ermənistan məni öldürdü!", "Bərdə üçün dua et!" və sair şüarları tutublar. Meydanda yanan şamlarla "Bərdə" sözü əks olunub və ətrafına boş qalmış ayaqqabılar düzülüb.

Aksiya ilə maraqlanan şəhər sakinlərinə işğalçı Ermənistan ordusunun mülki insanlara qarşı istifadəsi qadağan olunan kasetli raketlərlə Azərbaycanın dinc sakinlərini hədəfə alması barədə məlumat verilib.