Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiyası keçirilib

01.11.2020

Kanadanın Toronto şəhərində Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin təşkilatçılığı ilə "We All Stand With Azerbaijan!" (Hamımız Azərbaycanın yanındayıq) adlı həmrəylik aksiyası keçirilib.

Ontario Əyalət Parlamentinin önündə Torontoda yaşayan azərbaycanlı qadınların iştirakı ilə baş tutan həmrəylik aksiyasında təcavüzkar Ermənistanın 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlaması, o cümlədən işğalçı erməni ordusunun dinc əhalini, azyaşlı uşaqları qətlə yetirməsi kəskin şəkildə pislənilib. Aksiyada “Qarabağ Azərbaycandır”, “Erməni təcavüzünə son qoyun!”, “Gəncə üçün dua et”,“Erməni terroruna son qoyun!”, “Bərdə münaqişə zonasından kənardır” kimi şüarlar yazılmış plakatlar nümayiş olunub. Gəncə və Bərdə terroru qurbanlarının fotoları önünə güllər düzülüb, şamlar yandırılıb.

Aksiyanın sonunda Ontariodakı azərbaycanlı qadınlar adından bəyanat, eləcə də parlament üzvlərinə indiyədək ünvanlanmış məktublar Ontario Əyalət Parlamentinin üzvü Ted Arnota təqdim edilib.