Gənclər dünya ictimaiyyətini hüquqları pozulmuş azərbaycanlıların səsini eşitməyə çağırıb

13.10.2020

İtaliyanın Venesiya şəhərində Azərbaycan Diaspor Gənclərinin (ADG) Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı hücumları ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasına həsr olunmuş toplantısı keçirilib.

ADG-nin Venesiya üzrə koordinatoru Türkan Həsənovanın təşəbbüsü ilə baş tutan tədbirdə müvafiq məlumatların hazırlanması, italyan dilinə tərcümə edilib əhaliyə çatdırılması, informasiya mübarizəsinin istiqamətləri və müxtəlif aksiyaların təşkili müzakirə olunub.

Tədbirdə İtaliyanın dövlət qurumları və vəzifəli şəxslərinə göndərilməsi üçün italyan dilində bəyanat qəbul edilib.

Bəyanatda gənclər dünya ictimaiyyətini 30 ilə yaxındır öz evlərini tərk etməyə məcbur olan, qaçqın və məcburi köçkün həyatı sürən milyona yaxın azərbaycanlının səsini dinləməyə və onların hüquqlarının pozulduğuna diqqət yetirməyə çağırıblar.

"Biz istəyirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın işğalçı və təcavüzkar siyasətini pisləməklə sivil dünya nizamının əsasını təşkil edən dəyərləri, norma və prinsipləri israrla müdafiə etsin. Azərbaycanın süverenliyini və ərazi bütövlüyünü, milyona yaxın azərbaycanlının hüquqlarını kobudcasına pozan Ermənistana dövlətlərarası münasibətlər prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına əməl etməsi üçün təzyiq göstərilsin", - deyə vurğulanıb.