Tanınmış müsiqiçi:... Əmin-amanlığın yeganə yolu Ermənistan dövlətinin təcavüzkar siyasətini dayandırmaqdır

13.10.2020

Nyu-Yorkda fəaliyyət göstərərn Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, professor Nərgiz Əliyarova dünyanın bütün sülhsevər insanlarına müraciət edib.

Tanınmış pianoçu bildirib ki, musiqiçi kimi həmişə sülh tərəfdarı olub və dünyanı gözəlliyin, harmoniyanın, musiqinin xilas edəcəyinə inanır. "Zənnimcə, Qafqaz regionunda sülhün və əmin-amanlığın yeganə yolu Ermənistan dövlətinin təcavüzkar siyasətini dayandırmaqdır!".

Beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan Ermənistanın 27 sentyabr hücumuna cavab olaraq Azərbaycan ordusunun başladığı müzəffər yürüşü indiki vəziyyətdə işğalçı dövləti sülhə məcbur etməyin yeganə yoludur. "Mən bir dünya vətəndaşı, bir azərbaycanlı, bir musiqi xadimi kimi bu addımı tam dəstəkləyirəm. Ermənistanın cəbhə bölgəsindən yüzlərlə kilometr uzaqda yerləşən Azərbaycan şəhərlərini raket atəşinə tutması, dinc əhalini, uşaqları qətlə yetirməsi bütün beynəlxalq prinsiplərdən və insanlıqdan uzaqdır!".

Soydaşımız dünya ictimaiyyətini Ermənistanın riyakar, yalançı çağırışlarına uymamağa, birtərəfli mövqe tutmamağa, problemlə dərindən tanış olduqdan sonra ona ədalətli qiymət verməyə çağırıb: "150 min erməninin Qarabağda özlərinə qondarma hakimiyyət qurması xatirinə 1 milyon aərbaycanlının qaçqınlığa məhkum edilməsinə, minlərlə soydaşlarımıza işgəncə verilməsinə, onların qətlə yetirilməsinə dünya biganə qalmamalıdır. Dünya bunu pisləməli, siyasi qiymət verməli və bu işğala son qoymaq üçün var gücünü sərf etməlidir!".