Monteneqro telekanalında Ermənistanın ölkəmizə hücumundan bəhs edilib

07.10.2020

Monteneqronun "Tv7" kanalında Azərbaycanda baş verən hadisələrdən danışılıb. Telekanala müsahibəsində Azərbaycan–Monteneqro Mədəni-İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı bütün cəbhə boyu genişmiqyaslı hücumuna, yaşayış evlərinə artilleriya zərbələri endirməsinə Azərbaycan ordusunun əks hücumla cavab verməsindən sonra yaranmış vəziyyətlə bağlı geniş məlumat verib.

Soydaşımız qeyd edib ki, silahlı qüvvələrimiz əməliyyatları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən illərdir işğal altında saxlanılan ərazilərdə həyata keçirir. Xalqımız özünümüdafiə və əzəli torpaqlarını işğaldan azad etmək hüququndan istifadə edir.

Azərbaycan xalqının səmərəsiz danışıqlardan yorulduğu, tarixi haqsızlığı aradan qaldırmaq məqsədilə torpaqlarının müdafiəsinə qalxdığı, bir yumruq kimi Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında birləşdiyi vurğulanıb.

Döyüş meydanında böyük itkilərlə üzləşən işğalçı Ermənistan ordusunun mülki əhalini və obyektləri məqsədyönlü şəkildə hədəfə almaqla beynəxalq normaları və insan hüquqlarını kobud şəkildə pozmasına diqqət cəlb edilib.