Niderlanddakı soydaşlarımız işğalçı Ermənistan ordusu tərəfindən mülki əhalinin raket atəşinə tutulmasını sərt şəkildə pisləyiblər

06.10.2020

Niderlandın Rotterdam şəhərində Benelüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Azərbaycan icmasının toplantısı keçirilib.

Tədbirdə BAK-ın, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının, Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin, "Covor" yəhudi icmasının təmsilçiləri və digər diaspor fəalları iştirak ediblər. Son həftə ərzində Azərbaycanda baş verənlərin müzakirəsi zamanı dövlətimizə, xalqımıza və ordumuza bir daha dəstək ifadə olunub, bu tarixi dönəmdə siyasi baxışlarından asılı olmayaraq, bütün soydaşlarımızın milli birlik nümayiş etdirməsinin vacibliyi bildirilib. Niderland ictimaiyyətinə həqiqətlərin dolğun və çevik şəkildə çatdırılmasının əhəmiyyəti vurğulanıb, informasiya müharibəsində diasporun üzərinə düşən vəzifələr və gələcək hədəflər barədə fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərinə Cenevrə Konvensiyası ilə istifadəsi qadağan olunmuş raketlərlə zərbələr endirməsini sərt şəkildə pisləyiblər. Onlar Niderland hökumətini, dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın təxribatçı hərəkətlərini pisləməyə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmağa səsləyiblər.

Toplantı zamanı Ermənistanın təcavüzkar siyasətinə son qoyulması, Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılması tələblərinin əks olunduğu bəyanat qəbul edilib. Bəyanatın beynəlxalq qurumlara, Avropa Parlamentinə, Niderland Parlamentinə və Niderlandın Xarici İşlər Nazirliyinə ünvanlanması qərara alınıb.