Soydaşlarımız Britaniya mediasını qərəzsiz olmağa və hadisələri düzgün işıqlandırmağa çağırıb

06.10.2020

Britaniya Azərbaycanlıları Assosiasiyası Azərbaycanda baş verən hadisələrlə əlaqədar Britaniya mediasına açıq məktubla müraciət edib.

Məktubda bildirilib ki, işğalçı Ermənistan ordusunun 27 sentyabr 2020-ci il tarixli hücumu ilə başlayan toqquşmalar Britaniyada yaşayan bütün azərbaycanlıları dərindən həyəcanlandırıb. Amma çox təəssüf ki, heç də bütün KİV-lər hadisələri olduğu kimi çatdırmayb. Bəzi KİV-lər əsl həqiqəti yaymaq əvəzinə Britaniya adalarının azadlıqsevər xalqına birtərəfli informasiyalar ötürməklə gerçəkləri təhrif edib və erməni təbliğatı üçün meydana çevrilib.

Məktubda Ermənistan tərəfindən qeyri-qanuni olaraq Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, Ermənistanın bu əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT-nin 4 qətnamə qəbul etdiyi, 2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanı Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal edən qüvvə kimi tanıdığı diqqətə çatdırılıb.

Soydaşlarımız Britaniya mediasını qərəzsiz və dəqiq olmağa, jurnalistikanın prinsiplərinə əməl etməyə çağırıb.