Bişkekdəki soydaşlarımız Ermənistana təzyiq göstərilməsini tələb edirlər

04.10.2020

Qırğızıstanın paytaxtı Bişkek şəhərində fəaliyyət göstərən “Dünya azərbaycanlıları və digər türkdilli xalqların İttifaqı” İctimai birliyi və “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu” işğalçı Ermənistanın ölkəmizə qarşı bütün cəbhə boyu genişmiqyaslı hücuma keçməsini sərt şəkildə pisləyib.

Birliyin və fondun rəhbəri Nüsrət Məmmədovun imzası ilə yayılan bəyanatda bildirilib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması və Azərbaycan torpaqlarının dərhal işğaldan azad olunmasına dair beynəlxalq qurumların qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi dünya birliyi və ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilməlidir.

"Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması, Azərbaycan torpaqlarının işğaldan dərhal azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq".