Meyn-Azərbaycan Cəmiyyəti bəyanat yayaraq ABŞ-ı ədalətli mövqe nümayiş etdirməyə çağırıb

03.10.2020

Meyn-Azərbaycan Cəmiyyətinin üzvləri və dost nümayəndələr, ABŞ konrqresmenləri Ceki Speyer, Adam Şiff, Frank Pallon, Qus Bilirakis, Brad Şerman, Anna Eşo tərəfindən təklif olunan "Azərbaycanın Dağlıq Qarabağa koordinasiyalı hücumunu qınamaq və Türkiyənin münaqişəyə müdaxiləsini pisləyən qətnamə” layihəsindən narahatlıqlarını ifadə edən bəyanat yayıb. Qeyd olunub ki, bu qətnamə ABŞ-ın strateji maraqlarına xələl gətirəcək.

Bəyanatda 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin ölkəmizin cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrini iriçaplı artilleriya qurğularından atəşə tutması və nəticədə 2 məktəbli uşaq da daxil olmaqla 14 mülki şəxsin ölümü və 40-dan çox yaralının olması faktı diqqətə çatdırılıb.

Həmçinin qeyd olunub ki, hal-hazırda, Ermənistan suriyalı döyüşçülərin Azərbaycana getmələri və ya ermənilərə məxsus döyüş təyyarəsinin Türkiyə hava qüvvələri tərəfindən vurulması ilə bağlı tamamilə uydurma iddialar da daxil olmaqla koordinasiyalı dezinformasiya kampaniyası aparır. Bu yalanların heç biri təsdiqlənməyib və sübut olunmayıb. Ermənistan tərəfindən aparılan bu təbliğat kampaniyasının səbəbi diqqəti Azərbaycanın mülki əhalisinə qarşı vəhşiliklərdən yayındırmaq, həmçinin, mövcud döyüş əməliyyatlarına üçüncü tərəfi cəlb etməkdir. “Azərbaycan tərəfdə xarici döyüşçü yoxdur. Əksinə, Ermənistanın uzun müddətdir ki, Yaxın Şərqin terrorçuları ilə əlaqələri var. Ermənistan işğal altındakı Azərbaycan ərazilərində Livan ermənilərini qanunsuz məskunlaşdırır” – deyə bəyanatda qeyd olunub.

Bəyanatda qətnamə layihəsini irəli sürən konqresmenlərin ermənipərəst olduğu ilə bağlı faktlar diqqətə çatdırılıb və bildirilib ki, Konqres ABŞ-ın maraqlarına zidd olan, Minsk Qrupunun həmsədri və dürüst bir vasitəçi kimi ABŞ-ın rolunu zədələyən bu qətnaməni rədd etməlidir.