Fransa radiosunda və Niderland televiziyasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən danışılıb

03.10.2020

Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri Günel Səfərova ölkənin Radio Courtoise kanalında fransız dinləyicilərə Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunması barədə məlumat verib.

Soydaşımız Fransada qadınların roluna həsr olunmuş proqramda çıxış edərkən Qarabağda doğulduğunu bildirib. O, 30 ildir dünya birliyinin bu işğala son verilməsi ilə bağlı heç bir tədbir görmədiyini vurğulayıb. 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı genişmiqyaslı hücuma keçən Ermənistanın cəbhəboyu ərazidəki yaşayış məntəqələrinə artilleriya zərbələri endirməsi nəticəsində mülki vətəndaşlarımızın öldürüldüyünə və bu təxribata Azərbaycan ordusunun əks-hücumla cavab verməyə məcbur olduğuna diqqəti cəlb edib.

G.Səfərova qeyd edib ki, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan silahlı qüvvələri xalqımızın özünümüdafiə və ölkəmizin ərazi bütövlüyünü təminetmə hüququnu həyata keçirir.

G.Səfərova həmçinin Niderlandın life24 internet kanalında çıxış edərək ermənilərin 27 sentyabr hücumuna əks-həmlə ilə cavab verən Azərbaycan Ordusunun torparlarımızı işğaldan azad etməyə başladığı barədə danışıb.

https://www.radiocourtoisie.fr/2020/09/29/libre-journal-de-la-vie-francaise-du-29-septembre-2020-minute-gourmande-hypnose-actualite-linvite-politique-loi-bioethique/