Avstraliyada yaşayan soydaşlarımız Ermənistanın törətdiyi təxribatla bağlı bir araya gəlib

01.10.2020

Avstraliyanın Sidney şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icmasının toplantısı keçirilib.

Avstraliya-Azərbaycan Assosiasiyası (AAA) və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkil etdiyi tədbirdə işğalçı Ermənistanın bütün cəbhəboyu Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsindən, hərbçilər və mülki əhali arasında ağır itkilərə səbəb olmasından dərin narahatlıq bildirilib. Həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda çıxış edən Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta, Sara Azərsun, Şəmsəddin Necadi və Cavad Davudi bildiriblər ki, uzaq xaricdən Vətənimizdə baş verənləri diqqətlə izləyən bütün həmvətənlərimizin ürəyi Azərbaycanla birlikdə döyünür. Ermənistanın işğalçı və təcavüzkar siyasətini kəskin şəkildə pislədiklərini vurğulayan natiqlər qeyd ediblər ki, bu gərgin zamanda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdəyə xas tərzdə nümayiş etdirdiyi davranış və qətiyyətlə iftixar duyuruq. Qeyd edilib ki, dövlət başçısının əmri ilə xalqımızın özünümüdafiə hüququnu həyata keçirən, 30 ilə yaxındır erməni tapdağı altında inləyən doğma torpaqlarımızın işğaldan azad olunması üçün əks-hücuma keçən Azərbaycan silahlı qüvvələrinin qısa müddət ərzində nail olduğu uğurlar bütün xalqımıza xoş anlar yaşadır.

Toplantı iştirakçıları Azərbaycan dövlətinin yanında olduqlarını bir daha bəyan ediblər, ordumuza Dağlıq Qarabağı tamamilə işğaldan azad edərək xalqımıza böyük zəfər qələbəsinin sevincini yaşatmağı və Azərbaycan Bayrağının Dağlıq Qarabağ bölgəsindəki bütün şəhər və kəndlərində dalğalandığı günü görməyi arzulayıblar.