Kanada Azərbaycanlıları Şəbəkəsi rəsmi Ottavanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb

29.09.2020

Kanadada yaşayan soydaşlarımız yerli hökumət və parlament üzvlərinə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı bütün cəbhəboyu genişmiqyaslı hərbi əməliyyatlara başlaması və Azərbaycanın bu hərbi təxribata özünümüdafiə əks-həmləsi ilə cavab verməsinə dair məktub kampaniyasına başlayıb.

Bu ölkədə yaşayan azərbaycanlı icmanın adından Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) əlaqələndiricisi İsmayıl Ələkbərovun imzası ilə ölkənin Baş naziri Castin Trüdo, xarici işlər naziri François-Filippe Champagne və digər rəsmi şəxslərə məktublar ünvanlanıb. Məktublarda bildirilib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəsi pozaraq bütün cəbhə boyu Azərbaycanın mülki və hərbi obyektlərinə intensiv surətdə artilleriya zərbələri vurması nəticəsində mülki vətəndaşlar və hərbçilər arasında itkilər var. Cəbhəyanı bölgədə mülki infrastruktura, yaşayış məntəqələrinə və hərbi obyektlərə böyük ziyan dəyib ki, bu da beynəlxalq humanitar hüququn kobud surətdə pozulması deməkdir.

Qeyd edilib ki, hazırda Azərbaycan Ordusu Ermənistanın davamlı təxribatlarına yalnız işğal olunmuş torpaqlardan Ermənistan hərbi qüvvələrinin çıxarılması, onların hərbi texnikalarının və obyektlərinin məhv edilməsilə cavab verir. Ancaq vəziyyət Ermənistanın tam səfərbərlik elan etməsilə mürəkkəbləşdirilir. Bu, Ermənistan tərəfindən Azərbaycanın daha çox torpaqlarının işğal olunması niyyətini göstərir.

Məktubda Kanada rəsmilərinin birtərəfli mövqe tutmamasına çağırış ifadə edilib: " Biz, Kanada Azərbaycanlıları olaraq, ölkəmizin bu haqq işində daim Azərbaycan dövlətinin və xalqımızın yanında olduğumuzu bəyan edirik. Kanada azərbaycanlıları olaraq biz Kanada hökumətinin bu münaqişənin həllində rolundan tam əminik. Təqdirəlayiqdir ki, siz Kanadanın narahatlığını ifadə edirsiniz və münaqişə tərəfləri ilə əlaqə yaratmaq istəyirsiniz. Biz sizi bölgəyə və münaqişəyə münasibətdə Kanadanın siyasətinin müəyyənləşdirilməsi məqsədilə tam məlumat aldığınıza əmin olmaq üçün Azərbaycandakı həmkarınızla da əlaqə saxlamağa çağırırıq. Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalı və işğal olunmuş ərazilərdən çıxmalıdır. Bu təşəbbüs məcburi köçkün durumuna düşmüş təxminən milyon azərbaycanlının öz doğma evlərinə geri qayıtmasına yardım edər".