TADDEF Ermənistanın işğalçılıq hərəkətlərinə etiraz edib

28.09.2020

Mərkəzi qərargahı Ankarada yerləşən Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı 27 sentyabr tarixli genişmiqyaslı hücumuna kəskin etirazını bildirib.

Federasiyanın baş katibi Mehmet Qıyas Azeritürk və sədr müavini Seyfettin Ayakyayın imzaları ilə yayılan bəyanatda bildirilib ki, Azərbaycan əsilli türklərin yaratdıqları qeyri-hökumət təşkilatları Ermənistanın mənfur hücumlarını lənətlə qınayır, Azərbaycanın yanında olduqlarını bütün dünyaya bəyan edir.

Bəyanatda deyilir: "Sizə hansı ümidi, hansı vədi, hansı xəyalı veriblərsə, bilin ki, bunların hamısı boşunadır. Ağlınız hələ də Osmanlı imperiyasının dağıldığı prosesdə qalıb. Oradan qurtulun. Birinci Dünya müharibəsindən sonra şərtlər sizə Azərbaycan torpaqları üzərində bir dövlət qurdurdu, bununla kifayətlənməyib, ikincisini istəyirsiniz, hətta Qərbi Ermənistan deyib üçüncüsünü xəyal edirsiniz. Unutmayın ki, böyük Türk millətinin də bir səbri var. Əgər bu səbri daşdırsanız, bilin ki, siz "xəyal" olarsınız".

TADDEF Ermənistan ictimaiyyətinə xəbərdarlıq edib ki, onları idarə edən faşist mahiyyətli hökumətləri öz xalqının sonunu hazırlayır. "Faşist mahiyyətli hökuməti başınızdan rədd edin. Biz Qafqazda barış içində yaşamaq istəyirik. Bu barışa, lazım gəlsə, savaşaraq nail olacağıq. Unutmayın ki, hər bir fərdimiz o torpaqlara dönmək üçün hər şeyini fəda etməyə hazırdır".