Tbilisidə Üzeyir Hacıbəyovun 135 illiyi və Milli Musiqi Günü qeyd edilib

21.09.2020

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 135-ci ildönümünə və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib.

Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir görkəmli ədib Nəriman Nərimanovun ev muzeyində baş tutub. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Muzeyinin əməkdaşı Leyla Əliyeva dahi bəstəkarın həyat və yaradıcılığı, Milli Musiqi Gününün tarixi barədə ətraflı məlumat verib, pandemiya səbəbindən tədbirin fərqli formatda keçirildiyinə diqqət cəlb edilib.

Tədbirin bədii hissəsində Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı musiqiçilərin və rəqqasların ifasında milli müsiqilərimizdən parçalar və rəqslər nümayiş etdirilib.