Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət edilib

16.09.2020

Azərbaycanın və Türkiyənin ictimaiyyət nümayəndələri İstanbulun Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onunla birlikdə savaşan 27 əsgərin dəfn edildiyi məzar-abidə kompleksini ziyarət ediblər.

Bakı şəhərinin erməni-daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 102-ci ildönümü münasibətilə gerçəkləşdirilən tədbir İstanbul Türkiyə-Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub. Tədbir iştirakçıları Nuru Paşanın abidəsinin önünə gül dəstələri düzüblər.

Bakının qurtuluş qəhrəmanlarının əziz xatirələrinin böyük ehtiramla yad edildiyi mərasimdə millət vəkilləri, Türkiyədə fəaliyyət göstərən diaspor fəalları və rəhbərləri, İSTAD üzvləri və Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü, "Beynəlxalq Azərbaycan Xanımları Klubu"nun rəhbəri Kəmalə Ceylinova iştirak ediblər.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, İSTAD-ın sədri Səfər Qaraqoyunlu və digərləri çıxış ediblər. Natiqlər Nuru Paşanın qələbədəki tarixi rolundan, onun keçdiyi qəhrəmanlıq yolundan danışıblar.

Qafqaz İslam Ordusunun Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verdiyi nəzərə çatdırılıb. Bakının erməni-daşnak və bolşevik işğalından azad olunmasında böyük rol oynayan Nuru Paşanın və əsgərlərinin dərin ehtiramla anılmasının iki qardaş ölkə vətəndaşları üçün vəfa borcu olduğu, Qafqaz İslam Ordusunun qardaşlıq köməyinin heç vaxt unudulmayacağı bildirilib.