İşğalçı Ermənistanın qanunsuz məskunlaşdırma siyasətinə etiraz edilir

04.09.2020

İstanbul Türkiyə-Azərbaycan Kültür və Həmrəylik Dərnəyi (İSTAD) işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə etiraz əlaməti olaraq bəyanatla çıxış edib.

Dərnəyin rəhbəri Səfər Qaraqoyunlunun imzası ilə yayılan bəyanatda bildirilir ki, işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşı törətdiyi təxribatlar, Suriyadan sonra Livandakı erməniləri Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsində yerləşdirmək cəhdi beynəlxalq hüquq normalarına ziddir və yolverilməzdir.

“Beynəlxalq təşkilatların erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxması ilə bağlı qəbul etdiyi qərarlara Ermənistan məhəl qoymur. Tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni fəaliyyətini davam etdirir. Bu qanunsuzluqlardan biri də Suriyadan sonra Livandan olan ermənilərin bu ərazilərə yerləşdirilməsi cəhdidir. Ermənistanın bu hərəkətləri beynəlxalq hüquq normalarına, eləcə də 1949-cu il Cenevrə Konvensiyasına və onun əlavə protokollarına ziddir. Lakin buna baxmayaraq, ermənilər öz təxribatçı əməllərindən hələ də əl çəkmirlər. Bəzi xarici qüvvələrin dəstəyi ilə Ermənistan dünyanın gözü qarşısında işğalçı mövqeyini nümayiş etdirir. Bu, yolverilməzdir".

Sənəddə qeyd edilib ki, İSTAD Azərbaycana, o cümlədən bütün türk dünyasına qarşı edilən bu haqsızlığa göz yuman dünya ictimaiyyətini və beynəlxalq təşkilatları şiddətlə qınayır. Azərbaycanın əzəli torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında qaldığı, ermənilərin dinc azərbaycanlılara qarşı törətdiyi amansız soyqırımı faktının hər kəsə bəlli olduğu vurğulanıb.

İSTAD dünya birliyini Ermənistandan dərhal bu işğala son verməsini tələb etməyə çağırıb və Azərbaycanın əzəli torpaqlarının geri qaytarılmasının vacibliyini xatırladıb.

"Azərbaycan ərazilərinin işğalı, eyni zamanda, bölgədə sülhü və sabitliyi təhlükə altında saxlayır. Bu münaqişənin yeganə həlli Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsidir. Onlar bilməlidirlər ki, türk millətinin səbri tükənir, artıq “yetər, bəsdir” deyilən nöqtədəyik", - deyə xəbərdarlıq edilib.