Allah rəhmət eləsin!

23.08.2020

Avqustun 23-də tanınmış vokalçı, İtaliyanın "La Skala" teatrının ilk rəsmi azərbaycanlı solisti Eldar Əliyev Bakı şəhərindəki "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.

Dünya şöhrətli opera müğənnisinin nəşi Azərbaycan və İtaliya hökumətlərinin birgə əməkdaşlığı, ölkəmizin İtaliyadakı səfirliyinin dəstəyi ilə Vətənə gətirilib. Vida mərasimində Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

E.Əliyev peşəkar karyerasına 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra "Teatro Comunale di Treviso"da V.A.Motsartın məşhur "Sehirli fleyta" operası ilə başlayıb. 1994-cü ildən 2005-ci ilədək Milanda “La Skala”, Lozannada “Theatre Municipal”, Boloniyada “Teatro Comunale”, Berlində “Staatsoper Unter den Linden”, Münxendə “National Theater”, Venesiyada “Teatro La Fenice”, Parisdə “Opera National”, Londonda Kral Operası – “Covent Garden”, Brüsseldə “Theatre de la Monnaie”, Romada “Teatro dell’ Opera”, Madriddə Kral Operası – “Teatro Real” kimi səhnələrdə çıxış edib.

2020-ci il avqustun 4-də yaşadığı Milan şəhərində vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi mərhumun ailəsinə başsağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət eləsin.