Köln şəhərində şəhidlərin əziz xatirəsi yad edilib

21.08.2020

Almaniyanın Köln şəhərində Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi anılıb.

Yunus Əmrə məscidində keçirilən anım mərasimini Azərbaycan və Türkiyə icmaları təşkil edib. Hər iki icmanın Köln şəhərində və ətraf ərazidə yaşayan nümayəndələrinin qatıldıqları tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyev çıxış edib. O, işğalçı Ermənistanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət və iyul təxribatları barədə ətraflı məlumat verib. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun ermənilərin Tovuz istiqamətindəki dövlət sərhəddimizə hücumunun qarşısını qəhrəmanlıqla aldığıni və cavab tədbirləri ilə düşməni geri çəkilməyə məcbur etdiyini bildirib. Həlak olmuş şəhidlərimizin qanının yerdə qalmadığını bildirən vitse-spiker tədbir iştirakçılarının suallarını da cavablandırıb.

Mərasim Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhuna Quran oxunması ilə başa çatıb.