İstanbulda bir daha Azərbaycana dəstək nümayiş etdirilib

01.08.2020

İstanbulun Küçükçekmece rayonunda işğalçı Ermənistanın ölkəmizə qarşı hərbi təxribatlarına etiraz, müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə yürüş-mitinq keçirilib. Bu şəhərdə fəaliyyət göstərən Heydər Əliyev adına məktəbin dəstəyilə təşkil olunan tədbirdə millət vəkilləri, məktəbin müəllim-şagird heyəti və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.

Mitinq iştirakçıları qarşısında çıxış edən Heydər Əliyev adına məktəbin direktoru Muhammed Karasu Ermənistan sılahlı qüvvələrinin iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində xaincəsinə təxribatlar törətməsi, müstəqil Azərbaycan dövlətinin ərazü bütövlüyü uğrunda gedən döyüşlər zamanı hərbçilərimizin qəhrəmanlıqla şəhid olması, Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsi barədə ətraflı məlumat verib.

“İşğalçı Ermənistan və zəhərli düşüncə daşıyıcıları olan daşnaklar bilməlidir ki, Türkiyənın İğdır, Qars, Ərdahan kimi bölgələrində Ermənistanın əhalisindən də çox Türkiyə vətəndaşı olan Azərbaycan türkləri yaşayır. Onlarla bərabər Türkiyənin 80 milyon vətəndaşının da qəlbi Azərbaycanladır”, - deyə M.Karasu vurğulayıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım çıxışı zamanı nəzərə çatdırıb ki, qardaş Türkiyə bütün əhalisi və gücü ilə Azərbaycanın yanındadır. “Beynəlxalq hüququn növbəti tələblərini pozan və təxribatlar törədən Ermənistana qarşı dünyadakı bütün soydaşlarımız hiddətlənərək ayağa qalxıb. Bir azərbaycanlının dırnağına daş dəyirsə, bizim Türkiyədə qəlbimiz sızlayır. Ona görə də buradayıq", - deyə millət vəkili bəyan edib .

Aksiya iştirakçıları dünya birliyinin və beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə biganə qalmasını kəskin şəkildə pisləyiblər. Mitinq iştirakçıları Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonun Azərbaycanın əzəli torpaqları olduğunu qeyd edərək, bu torpaqların qeyd-şərtsiz Ermənistanın işğalından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin doğma yurdlarına dönməsinin təmin olunması üçün dünya dövlətlərindən və nüfuzlu beynəlxalq qurumlardan qətiyyətli addımlar atılmasını tələb ediblər.

Aksiyada Azərbatcanın və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, iki ölkənin qəhrəmanlıqla şəhid olmuş övladları Ömər Halis Dəmirin, Mübariz İbrahimovun və Polad Həşimovun şəkilləri, "Zəfərin zəfərimiz, Şəhidin şəhidimizdir!", "Qarabağ Azərbaycan torpağıdır!", "Qəhrəmanlar can verib yurdu yaşatmaq üçün!" şüarları əks olunmuş plakatlar və posterlər nümayiş olunub.