Nyu-York şəhərində Ermənistan konsulluğunun qarşısında etiraz aksiyası keçirilib

23.07.2020

Türk-Amerika Dərnəkləri Federasiyasının üzvləri ABŞ-ın Nyu-York şəhərindəki Ermənistan konsulluğunun qarşısında səssiz etiraz aksiyası keçiriblər.

Aksiyanın keçirilməsinə əvvəlcə razılıq verməyən Nyu-York polisi sonradan dərnək rəhbərlərinə kütləvi tədbirin 1 saat davam etməsi, səssiz keçirilməsi və yalnız 30 nəfərin iştirak etməsi şərti ilə icazə veriblər.

Mitinqdə türk dərnəklərinin rəhbərləri Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlar törətməsinə və işğalçılıq siyasətini davam etdirməsinə etirazlarını bildirib, eyni zamanda ötən gün Los-Anceles şəhərində ermənilərin azsaylı azərbaycanlı gənclərə qarşı amansızcasına törətdikləri vəhşiliyi pisləyiblər. Demokratiyanın beşiyi sayılan ABŞ kimi bir ölkədə insanlığa sığmayan barbarlığın baş verməsindən hiddətə gəldiklərini bildiriblər.

Türk-Amerika Dərnəkləri Federasiyasının (TADF) rəhbəri Tulga Tekman bildirib ki işğalçı və terrorçu Ermənistanın son günlər Azərbaycana qarşı güclənən hərbi təxribatları bütün Türk Dünyasını ayağa qaldırıb və Amerikada yaşayan türklər həmvətənlərimizi dəstəkləməyə hazırdırlar. "Azərbaycanın sərhədlərində ermənilərin təxribat törətməsi və günahsız insanları öldürməsi xəbərlərini ürək ağrısı ilə izlədik. Elə o gündən etibarən dünyanın dörd bir tərəfində yaşayan türklər ayağa qalxıb, qardaşlarımıza öz dəstəklərini göstərdilər. Bu gün bütün türk dərnəkləri adından burdayıq. Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərdən danışmaq üçün elə Xocalı soyqırımında yaşananları xatırlamaq kifayət edir.

Bu gün Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və bu təcavüzkar siyasətini hələ də davam etdirir. Bütün dünya bunu bilməlidir", - deyə federasiya rəhbəri bildirib.

Etiraz bəyanatının oxunmasl ilə başa çatan aksiyanın təhlükəsizliyi yerli polis tərəfindən qorunub. Yaxınlıqdan keçən ABŞ sakinləri aksiya iştirakçılarına öz dəstəklərini nümayiş etdiriblər.