Xaricdəki ziyalılarımız: Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik

22.07.2020

Azərbaycanın Tovuz rayonuna Ermənistan silahlı qüvvələri tərəfindən təcavüz edilməsi bölgədə gərginliyin artması və nəticədə yüksək rütbəli hərbçilərimizin, eləcədə sıravi əsgərlərimizin şəhid olması xaricdəki azərbaycanlıların kəskin etirazına və narahatlığına səbəb olub. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalılar bir an öncə Ermənistanı təcavüz aktını dayandırmağa çağırır və hesab edir ki, bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda bölgədə gərginliyin artması olduqca təhlükəlidir.

Pandemiyanın tüğyan etdiyi bir vaxtda bölgədə gərginliyin artması çox təhlükəlidir

Gürcüstan Texniki Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Emilia Alaverdova bildirir ki, Ermənistanın qonşu ölkənin ərazisini atəşə tutmaq hüququ yoxdur, bu ölkə təcili olaraq hərbi təcavüzə son qoymalı və Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazisi Dağlıq Qarabağı tərk etməlidir: “Əlbəttə ki, Ermənistan bu addımı atmayacaq və yenə də Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün vasitəçilərə ehtiyac var. Dogrudur, müharibə ilə alınmış torpaqların sülh yolu qaytarılması mümkünsüzdür, amma yenə də münaqişə sülh yolu ilə həllini tapmalıdır. Çünki bölgədə müharibənin başlaması heç bir ölkənin, o cümlədən Tovuzla cəmi bir neçə kilometr sərhəddə yerləşən Gürcüstanın maraqlarına uyğun deyil. Münaqişənin gərginləşməsi səbəbindən bütün Qafqaz regionu təhlükəyə məruz qalır. Xüsusilə, bütün dünyanın pandemiya ilə mübarizə apardığı bir vaxtda bu, çox təhlükəlidir. Heç olmasa müvəqqəti olaraq hərbi əməliyyatları dayandırıb, danışıqlar masası arxasına oturmaq lazımdır”.

Ermənilər Qarabağı tərk etməli olacaq, bu, qaçılmazdır

Yaranmış vəziyyəti təhlil edən Almaniyada yaşaya soydaşımız, siyasi şərhçi Vüqar Seyidov isə hesab edir ki, son günlər Ermənistan-Azərbaycan sərhəddinin Tovuz hissəsində müşahidə olunan gərginliyin kəskinləşməsi özünəməxsus xüsusiyyətlərə malikdir: “Bunlardan ən başlıcası, ilk dəfə olaraq yüksək dəqiqlikli silahların tətbiqi ilə uzunmüddətli döyüşlərin münaqişə zonasından çox uzaqda - Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində baş verməməsidir. Döyüş münaqişə zonasında qoşunların təmas xəttində deyil, beynəlxalq səviyyədə tanınan dövlət sərhəddində gedir”.
Vüqar Seyidov İrəvandakı "strateqlər"in tətiyi Qarabağda yox, Tovuzda çəkməyə qərar verməsinin bir neçə məqsədi olduğunu deyir: “Paşinyan hökuməti, sərhəddə kəskinləşmə halında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) köməyinə nə qədər ümid edə biləcəyini araşdırmaq qərarına gəldi. Araşdırdı və peşman oldu. KTMT-nin heç bir üzvü təxribatçı dövləti xilas etmək üçün öz əsgərlərini göndərmək istəyini bildirmədi. Bu, İrəvanın ilk xəyal qırıqlığıdır.
İkincisi, hər kəs bilir ki, Azərbaycan Ermənistanla dövlət sərhəddini qorumaq üçün uzun müddət qurulmuş ordu hissələrini tədricən azad edir, onları sərhədçilərlə əvəzləyir. İrəvan üçün bu başağrısı idi, çünki azad edilmiş ordu birləşmələri Qarabağdakı təmas xəttinə köçürülə bilər, bu da Qarabağ sektorundakı ermənilər üçün əlverişsiz qüvvələr balansını daha da ağırlaşdırırdı. Bəlkə də erməni təxribatı bu prosesi ləngitmək, ya da Bakını ordu hissələrini sərhəddə qaytarmağa məcbur etmək məqsədi güdürdü. İşə yaramadı. Sərhədçilər kömək gələnə qədər özləri dayandılar və buna görə də hərbçilərin sərhədçilərlə əvəzlənməsi özünü doğrultdu. İndi Azərbaycan Silahlı Qüvvələrinin əsas tətil qüvvələrinin Qarabağ istiqamətində cəmləşməsinin davam etməsi ilə Ermənistan barışmaq məcburiyyətində qalacaq.
Üçüncüsü, İrəvanda dünya birliyinin strateji boru kəmərləri yaxınlığında vəziyyətin gərginləşməsinə reaksiyasını araşdırmağa çalışdılar və araşdırdılar. Bir sıra dövlətlər Azərbaycana dəstək bəyanatları verdilər. Və bu da Paşinyan hökumətinə daha bir şillə oldu.
Nəhayət, Paşinyan cəmiyyətdəki minimuma düşmüş reytinqini canlandırmaq istədi. Bu məqsədlə cəbhə zonasından həqiqətə uyğun olmayan informasiyalar paylaşan saxta erməni statusları (götürək elə Artsrun Ovanisyanın hansısa yüksəkliyin "alınması" barədə biabırçı bəyanatını) Azərbaycan tərəfi asanlıqla ifşa etdi. Beləliklə də, yalançı məlumatlar Paşinyan hökumətini əvvəlcədən planlaşdırdığı məqsədlərinə çatdıra bilmədi.
Buna görə də Ermənistan üçün dövlət sərhəddində baş verən son gərgin hadisələrin nəticələri kədərli oldu, Azərbaycanda vətənpərvərliyin və xalqın birliyinin artması ermənilərə göstərdi ki, dövrlər 1990-cı illərin əvvəllərindəki kimi deyil. Qarabağı tərk etməli olacaqlar. Bu da qaçılmazdır”.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik

Serbiya İncəsənət Akademiyasının müəllimi, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Zərifə Əlizadə bu ölkədə yaşayan soyaşlarımız adından bəyanatla çıxış edərək Ermənistanın növbəti təxribatçı və xain işğalçı hərəkətlərini, atəşkəs rejimini birtərəfli qaydada pozmasını, mülki əhalinin atəşə tutulmasını şiddətlə pisləyir: “Bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı həssas bir dönəmdə Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təxribatları davam etdirir.
Son təxribatlar nəticəsində vətən uğrunda şəhid olan hərbçilərimiz haqqında xəbərləri ürək ağrısı ilə qarşılayırıq. Düşmənin hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçularımızın göstərdikləri yüksək qəhrəmanlıq əzmi və şücaəti Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Şəhidlərimizi heç zaman unutmayacağıq! Torpaqlarımız azad olunacaq! Hər bir azərbaycanlı bu məqsədə kömək etməlidir! Bizlər də Azərbaycanlı kimi Ali Baş Komandanımızın döyüş əmrini gözləyirik”.