İllinoys ştatının Skoki şəhərində etiraz aksiyası keçirilib

20.07.2020

ABŞ-ın İllinoys ştatının Skoki şəhərində Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçirilib.

Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə gerçəkləşdirilən piketin məqsədi baş verənlər barədə yerli ictimaiyyəti məlumatlandırmaq olub. Aksiyada çıxış edən ACMA-nın prezidenti Fərid Məmmədov, soydaşımız Eldar Kərimzadə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin Tovuzda xaincəsinə törətdiyi təxribat 2016-cı ilin aprel qalibiyyətini yaşamış Azərbaycan xalqının əzmini qıra bilmədi. Ermənistanın məkrli hərəkəti xalqımızın dövlətçiliyimiz ətrafında daha da sıx birləşməsi, ordumuzla daha sıx birlik və həmrəylik nümayiş etdirməsi ilə nəticələndi. ABŞ-da yaşayan azərbaycanlılar və icma üzvləri İllinoys ştatının konqresmenleri ilə görüşlər təşkil etməklə, ABŞ Azərbaycanlıları Şəbəkəsinin məktub kampaniyasına qatılmaqla və baş verənlər barədə yerli mətbuat vasitəsilə geniş məlumatlar yaymaqla həmrəyliyimizə öz töhfələrini verirlər.

Etiraz aksiyası üzərində Azərbaycan və Türkiyə bayraqları, eləcə də Azərbaycan həqiqətlərini əks etdirən şüarlar olan avtomobil karvanının yürüşü ilə davam edib. Avtomobil karvanı Çikaqo şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət etməklə yerli sakinlərin diqqətini Azərbaycan həqiqətlərinə və Ermənistanın işğalçı siyasətinə cəlb edib.