Kayseridəki tələbələrimiz Ermənistanın məkrli siyasətinə etiraz səslərini ucaldıblar

20.07.2020

Türkiyənin Kayseri şəhərində Ermənistanın hərbi təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib.

Kayseri Azərbaycanlı Tələbələr Birliyinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbir şəhərin Xocalı parkında baş tutub. Aksiyada Erciyes Universitetində çalışan və təhsil alan azərbaycanlı müəllim və tələbələrin bir qrupu, yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Baş verən hadisələr zamanı qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin anılması ilə başlayan tədbirdə çıxış edənlər müstəqil ölkəmizin Tovuz istiqamətindəki dövlət sərhəddində işğalçı Ermənistanın xaincəsinə hərbi təxribatlar törətməsini sərt şəkildə qınayıblar, dünya birliyini və beynəlxalq təşkilatları Ermənistanın cəzalandırılmasına, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli addımlar atmağa çağırıblar.

Kayseri Azərbaycanlı Tələbələr Birliyinin sədri Əlixan Məhərrəmli bildirib ki, vətəndaş olaraq hər zaman dövlətimizi, xalqımızı və ordumuzu dəstəkləyirik. İşğalçı, faşist mahiyyətli Ermənistanın məkrli siyasətinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün fəaliyyətimizi daha da genişləndirəcəyik.